Akif Aşırlı: "Seçki təbliğatında vətəndaş jurnalistikası da fəal iştirak edir" - MÜSAHİBƏ

Tanınmış
jurnalist, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı
secki-2020.az saytına müsahibəsində ölkəmizdəki seçkilər öncəsi
mühit, təbliğat-təşviqat kampaniyası barədə fikirlərini bölüşüb.
- Akif müəllim, fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Seçki öncəsi mühiti necə qiymətləndirirsiniz?
- Seçki mühitini ilkin mərhələdə çox normal qiymətləndirirəm. Namizədlərin qeydə alınmasında ciddi problemlərin, qanunazidd hadisələrin və hərəkətlərin olduğu haqqında hər hansı məlumata rast gəlməmişəm. Yəni, ilkin mərhələdə proseslər öz qaydasında gedir. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Əlbəttə ki, bu, seçki prosesinin demokratik dəyərlərə əsasən aparılmasında mühüm rola malikdir. Qeyd edim ki, seçki təbliğatı artıq klassik, ənənəvi media ilə yanaşı, sosial şəbəkələr üzərindən də aparılır. Burada vətəndaş jurnalistikası da çox fəal şəkildə iştirak edir.
- Artıq seçkiqabağı təşviqat kampaniyası başlayıb. Namizədlər seçiciləri ilə görüşlər keçirir, ödənişli seçkiqabağı təşviqata qoşulan KİV-lər vasitəsilə təbliğat materiallarını yayırlar. Bu proseslə bağlı fikirləriniz.
- Bu gün ölkəmizdə azad, ədalətli, Seçki Məcəlləsinin tələblərinə uyğun seçkilərin keçirilməsi üçün bütün imkan yaradılıb. Hesab edirəm ki, seçki prosesinin önəmli mərhələlərindən olan təşviqat kampaniyası da qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu seçkilərdə sosial şəbəkələr vasitəsilə də təşviqatın aparıldığının da şahidiyik. Namizədlər seçiciləri ilə görüşlər təşkil etmək, KİV-in imkanlarından istifadə etməklə yanaşı, sosial şəbəkə resurslarından da yararlanırlar. “Şərq” qəzeti də ödənişli təbliğatda iştirak etmək üçün MSK-ya müraciət edib. Biz öz tariflərimizi səhifələr üzrə müəyyənləşdirmişik. Eyni zamanda, qəzetin elektron versiyasında həmin təbliğatı aparmaq üçün imkanlar yaratmışıq.
Əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilər bizim üçün daha önəmlidir. Çünki tanıdığımız jurnalistlərin xeyli hissəsi seçki prosesinə qatılıb. Jurnalist həmkarlarımızın seçki prosesinə qatılması ictimai nəzarətin, müşahidəçilik missiyasının daha geniş masştabda həyata keçiriləcəyini deməyə əsas verir. Hesab edərəm ki, seçki prosesi normal qaydada gedir və uğurla başa çatacaq.