"Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq qanunvericiliyin müddəalarını özündə ehtiva edir" - MÜSAHİBƏ

"Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq qanunvericiliyin müddəalarını özündə ehtiva edir" - MÜSAHİBƏ

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev secki-2020.az saytına müsahibəsində ölkəmizin seçki qanunvericiliyindən, bu sahədəki təcrübəsindən bəhs edib.

- Əliməmməd müəllim, necə düşünürsünüz Azərbaycanın mövcud seçki qanunvericiliyi ədalətli və demokratik seçkilərin keçirilməsinə imkan verirmi?

- Bəli, hesab edirəm ki, Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq qanunvericiliyin bu istiqamətdə nəzərdə tutulmuş müddəalarını özündə ehtiva edir. Bu baxımdan, mövcud seçki qanunvericiliyi ilə ədalətli, demokratik seçkilərin keçirilməsi mümkündür. Əlbəttə, yeni çağırışlar daimi təkmilləşməni zəruri edir. Lakin məsələyə konseptual baxdıqda, Seçki Məcəlləsi demokratik hüquqi bazanın formalaşmasını təmin edir və beynəlxalq qanunvericiliyə uyğundur.

- Müstəqillik illərində Azərbaycanda dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Bu illər ərzində qazanılan seçki təcrübəsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Sizin də qeyd etdiyiniz kimi, müstəqillik dövründə dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Yeni Seçki Məcəlləsi qəbul edildikdən sonra da çoxsaylı seçkilər olub. Təcrübəyə əsasən seçki qanunvericiliyində yeniliklər edilib. Bununla yanaşı, müxtəlif dəyişikliklər də təklif olunur. Hər kəs müəyyən arqumentlər irəli sürə bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçki müşahidə missiyasının təcrübəsinə əsaslanaraq, müəyyən tövsiyələr verir. Səmərəli tövsiyələr həmişə nəzərə alınır. Bəzi tövsiyələrin nəzərə alınmaması təcrübəsi də var. Bu da Azərbaycanın milli qanunvericiliyinin formalaşmasında suveren hüququndan istifadə etməsindən irəli gəlir. Əsas məsələ demokratik seçki keçirmək prinsiplərinin tətbiq edilməsidir ki, Azərbaycanın seçki təcrübəsində bu məsələ daim prioritet istiqamət təşkil edib. Seçkilərlə bağlı müxtəlif rəylər olub, olacaq da. Bu təbii bir şeydir. Kimsə hansısa tənqidləri səsləndirə, yaxud hansısa təklif irəli sürə bilər. Bununla bərabər, qeyd edə bilərəm ki, seçkiləri keçirən qurumun Seçki Məcəlləsinə uyğun fəaliyyəti və seçkilərin keçirilməsində uzun illər ərzində əldə edilmiş təcrübəyə əsaslanaraq, atdığı lazımi addımlar neqativ halların qarşısının vaxtında alınması ilə nəticələnir.