Müşfiq Ələsgərli: “Parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən məqamlar var” – MÜSAHİBƏ

Müşfiq Ələsgərli:  “Parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən məqamlar var” – MÜSAHİBƏ

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli secki-2020.az saytına müsahibəsində 9 fevral parlament seçkiləri, ölkəmizdəki seçki mühiti, təbliğat-təşviqat kampaniyasının gedişi barədə fikirlərini bölüşüb.

- Müşfiq müəllim, ölkəmizdə növbəti parlament seçkilərinə hazırlıq gedir. Cəmiyyətimizdə parlament seçkilərinə maraq kifayət qədər yüksəkdir. İstərdik bu barədə sizin fikirlərinizi öyrənək.

- Müstəqil dövlətimizin mövcudluq tarixi qısa, dövlət idarəçilik mexanizmlərinin formalaşdırılması ənənəsi yeni olsa da, demokratik seçki prosesi artıq institutlaşıb. 1993-cü ildən etibarən ölkə vətəndaşları çoxsaylı prezident, parlament, bələdiyyə seçkilərində iştirak edərək öz iradələrini ifadə ediblər. Bu baxımdan, növbəti parlament seçkisinin də sabitlik şəraitində, demokratik formada keçəcəyini, xalqın iradəsini ifadə edəcəyini söyləmək olar. Lakin bununla yanaşı, bu parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən məqamlar da var. Prezident İlham Əliyevin iradəsi ilə ölkədə islahatlar, istedadlı, bacarıqlı, bilikli gənclərin yüksək vəzifələrə gətirilməsi prosesi gedir. Əlbəttə ki, yeniləşmə prosesi seçkilərdə də özünü göstərir. Bu tendensiya özünü seçki prosesinin lap ilk mərhələsindən - namizədlərin qeydə alınması mərhələsindən başlayaraq büruzə verir. Formalaşdırılacaq yeni parlamentdən xalqın, dövlətin gözləntiləri barədə açıq mesajlar verilib. Parlamentimizin islahatlara, yeniləşmələrə operativ, adekvat reaksiya verən bir qurum kimi görünməsinə inam ifadə edilib. Bu da xalqın islahatlara meyilli kəsimini, xüsusən gəncləri seçki prosesində daha fəal təmsil olunmağa təşviq edib.

- Seçki prosesinin təbliğat-təşviqat mərhələsindəyik. Nəzərə alsaq ki, seçki prosesinin hər mərhələsində olduğu kimi, bu mərhələsində də KİV-in rolu böyükdür. Necə hesab edirsiniz, təşviqat kampaniyasında namizədlər üçün bərabər şərait yaradılıbmı?

- Namizəd kimi qeydə alınmış şəxslərə özlərinin təbliğat-təşviqat işlərini aparmaq üçün hər cür şərait yaradılıb. Onlar həm ənənəvi mediadan, həm də alternativ informasiya mənbələrindən istifadə edirlər. Sosial şəbəkələr az qala seçki təşviqatı platformasına çevrilib. Yəni namizədlər həm ənənəvi mediada özlərinin rəsmi platformalarını açıqlaya bilirlər, həm də seçki barədə şəxsi düşüncələrini sosial şəbəkələrdə ifadə edirlər. Mənim çoxsaylı namizədlərlə söhbətim, müşahidələrim onu deməyə əsas verir ki, namizədlərin sırasında elə bir şəxs tapılmaz ki, yaradılan şəraitlə bağlı hansısa mənfi fikir söyləsin. Çünki hər şey göz qabağındadır. Hər kəs etiraf edir ki, bütün namizədlərə bərabər imkanlar yaradılıb, azad rəqabət üçün şans verilib. Bu da seçki prosesi üçün ən vacib məqamlardan biridir.