Rufiz Qonaqov: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün sağlam mühit var” – MÜSAHİBƏ

Beynəlxalq
Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun
secki-2020.az saytına müsahibəsində Milli Məclisə seçkilər, ölkəmizdəki seçki
mühiti barədə fikirlərini bölüşüb.
- Rufiz müəllim, fevralın 9-da Azərbaycanda növbəti
parlament seçkiləri keçiriləcək. Seçkilərə hazırlıq prosesi, ölkəmizdəki seçki
mühiti barədə fikirlərinizi öyrənmək istərdik?
- Bildiyimiz
kimi, ölkəmizdə müxtəlif sahələrdə ciddi islahatlar aparılır. Məhz bu baxımdan
yeni dövrün tələbləri, eyni zamanda, ölkədə aparılan islahatlara adekvat olaraq
parlamentin də yenidən formalaşdırılması zərurəti meydana çıxdı.
Hesab edirəm ki, ölkəmizdəki islahatlar mühiti parlament seçkilərinə olan marağı daha da artırıb. Həm namizədlərin, o cümlədən gənclərin və qadınların sayı baxımından bu seçkilər əvvəlki seçkilərdən fərqlənir. Əsas cəhətlərdən biri seçkidə iştirak edən namizədlərin çoxluğudursa, digər maraqlı tərəf dairələrdəki namizədlərin aktivliyidir. Yəni namizədlər seçki kampaniyasını da çox aktiv şəkildə həyata keçirirlər. Namizədlərin apardığı seçki kampaniyasına uyğun olaraq seçki günü seçicilərin də böyük aktivliyini gözləyirik.
Parlament seçkilərinə hazırlıq demokratik ab-havada aparılır. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün sağlam mühit var. Eyni zamanda, seçki prosesində maraqlı cəhətlərdən biri də o oldu ki, əksər iddiaçıların namizədliyi qeydə alındı. Yəni, bu seçkidə Mərkəzi Seçki Komissiyası hətta dairə seçki komissiyasının bəzi qərarlarını ləğv edərək bütün namizədlərin seçkiyə qatılmasını təmin etdi. Bu onu göstərir ki, deputatlığa iddialı bütün namizədlər üçün bərabər şərait yaradılıb. Məhz bu səbəbdən hələlik hər hansı bir namizəddən tutarlı narazılıq qeydə alınmayıb.
- Bu seçkidə namizədlərlə yanaşı, müşahidəçilərin də
sayı kifayət qədər çoxdur. Xüsusən beynəlxalq müşahidəçilərin sayında bunu
müşahidə edirik. Bu diqqətin səbəbi nədir?
- Bəli, parlament seçkilərində beynəlxalq müşahidəçilərin də sayı çoxdur. Görünür beynəlxalq təşkilatların bu seçkini müşahidə etmək maraqları böyükdür. Yerli müşahidəçilərin sayı isə daha çoxdur. Bu da sevindirici haldır ki, seçkiyə maraq böyükdür. Ona görə də müşahidəçilərin sayı baxımından da bu seçki digərlərindən fərqlənəcək. Düşünürəm ki, parlamenmt seçkiləri ilə bağlı yaradılan demokratik mühit ölkədə aparılan islahatlar dalğasının növbəti mərhələsi olacaq.