MŞ-nin parlament seçkiləri ilə bağlı “qaynar xətt”i fəaliyyətini yekunlaşdırıb

Saat 08.00-dan səsvermənin bitdiyi 19.00-dək parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. MŞ-dən secki-2020.az saytına bildirilib ki, müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri bu gün saat 08.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərib. Məqsəd parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.