QDİƏT PA: Demokratik seçki prosesi müşahidə etdik

"Qardaş, dost Azərbaycanda 2020-ci il parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Artıq 3 gündür ki, prosesləri izləyirik". Secki-2020.az saytının məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib.
O qeyd edib ki, qardaş Azərbaycanda seçkilər demokratik, ədalətli keçirilib: "Hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqı ən yaxşılara layiqdir. Bu seçkilərin təkcə Azərbaycanda yox, bütün Türk dünyası, bölgədəki sülhə təsir edəcəyinə inanıram".
Qurumun Baş katibi Asəf Hacıyev isə bildirib ki, təşkilata 12 dövlət və 76 millət vəkili daxildir: "Nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir. Dünən Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir qayda pozuntusu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən də soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Məntəqələrdə aktivlik daha çox idi".
QDİƏT PA-nın müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin də həmkarları ilə birgə seçkidə müşahidə apardığını bldirib. O deyib ki, Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirilib: “Məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yaranıb. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır".
QDİƏT PA-in müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev də çox demokratik seçki prosesi müşahidə etdiklərini dilə gətirib: “Mən artıq Azərbaycanda 3-cü dəfədir ki, seçkilərdə iştirak edirəm. Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili isə qeyd edib ki, dünən çox mürəkkəb gün idi: "Düşünürəm ki, arzu etdiyimiz kimi demokratik seçkiləri görə bildik. Bu, ölkə region üçün çox önəmlidir".