Litva parlamentinin müşahidə missiyası: "Azərbaycan ciddi imtahanın öhdəsindən layiqincə gəldi"

Litva parlamentinin müşahidə missiyası fevralın
9-da Milli Məclisə keçirilən seçkilərdə müşahidələrinin yekunlarına dair mətbuat
konfransı keçirib. Secki-2020.az saytının
məlumatına görə, missiyanın üzvü, Litva parlamentinin insan haqları üzrə komitəsinin sədri və Litva-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvü Valerius Simuliq bildirib ki, demokratik seçkilər
ciddi imtahandır və Azərbaycan bu imtahanın öhdəsindən layiqincə gəldi.
V.Simuliq vurğulayıb ki, Litva müşahidəçiləri dünən Bakıda 3 dairə üzrə 15 məntəqədə monitorinq aparıb. Dairə üzrə namizədlərin sayının çox olduğunu qeyd edən missiya üzvü deyib: “Siyasi rəqabət üçün əlverişli zəmin mövcud idi. Seçkilər şəffaf keçirildi. Komissiya və müşahidə missiyalarının üzvləri vəzifələrini yaxşı bilirdilər. Beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilərin də olması müsbət haldır”.
Missiyanın digər nümayəndəsi, Litva parlamentinin üzvü Vintaras Vayçekausas isə seçkilərdə 1314 namizədin, 20-dən çox siyası partiyanın və xüsusilə kifayət qədər bitərəf namizədin iştirakını xüsusi vurğulayıb.