Qazaxıstan parlamentinin üzvü: "Şəffaf seçkilər Azərbaycanın növbəti uğurudur"

Qazaxıstan parlamentinin müşahidə missiyası fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə apardığı müşahidələrlə bağlı mətbuat konfransı keçirib. Secki-2020.az saytı xəbər verir ki, Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov məntəqələrdə yaradılan şəraitdən məmnun qaldıqlarını, müşahidələri zamanı hər hansı qayda pozuntusu qeydə almadıqlarını vurğulayıb.
Ondan çox məntəqədə müşahidə apardıqlarını deyən qazaxıstanlı müşahidəçi bildirib: “Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində keçirildi. Seçkilərin şəffaf şəkildə keçirilməsi Azərbaycanın növbəti uğurudur. Biz seçki məntəqələrində seçici fəallığının şahidi olduq. Bu, onu göstərir ki, xalqın dövlətçiliyə inamı böyükdür”.
Şahmərdan Nurumov, həmçinin Milli Məclisə seçkilərinin ədalətli, uğurlu və beynəlxalq standartlara uyğun keçməsindən məmnun qaldıqlarını bildirib.