TBMM-nin müşahidə missiyası: "Bəzi ölkələr mənfi baxışlarını kənara qoyaraq Azərbaycandan dərs almalıdırlar"

TBMM-nin müşahidə missiyası: "Bəzi ölkələr mənfi baxışlarını kənara qoyaraq Azərbaycandan dərs almalıdırlar"

“Dünən Azərbaycanda tam demokratik seçkiler kecirildi. Türkiyə qardaş ölkə ilə qürur duyur. Azərbaycan xalqını təbrik edirik”. Secki-2020.az saytı xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) müşahidə missiyasının üzvü, millət vəkili İbrahim Aydemir müşahidələrinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanda seçki prosesinin yüksək səviyyədə keçirildiyi qeyd edib: “Azərbaycanın böyük seçki təcrübəsi var. Hesab edirəm ki, bəzi ölkələr mənfi baxışlarını kənara qoyaraq Azərbaycandan dərs almalıdırlar”.

TBMM-nin müşahidə missiyasının üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım seçkilərin şəffaf keçirildiyini söyləyib: “Azərbaycanda vətəndaşlar öz seçdikləri insanlara səs verərək onları qalib ediblər. Azərbaycanda çox layiqli gənclər var. Namizədlərin siyahısında gənclərin sayının çox olması müsbət göstəricidir”.

TBMM-in üzvü Orhan Erdem seçkiləri Bakı və Sumqayıtda izlədiklərini deyib: “Heç bir seçki məntəqəsində polis və ya əsgər görmədim. Bu da insanlara bir rahatlıq verirdi. Seçkilərin sabit şəraitdə keçdiyini göstərirdi”.

Türkiyə parlamentinin üzvü Yunus Kılıç bildirib ki, namizədlərin sayının çox olması seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir: “Seçki məntəqələrində veb-kameraların olması, müşahidəçilərin prosesin istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır”.

TBMM-in üzvü Uğur Bayraktutan da seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini söylədi: “Məntəqələrdə veb-kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini çox müsbət hal hesab edirəm. Biz daha Azərbaycan xalqını təbrik edirik”.