Türk Şurasının müşahidə missiyası: Milli Məclisə seçkilər tam demokratik keçirildi

Fevralın
10-da Türk Şurasının müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki
müşahidələrinin nəticələrini açıqlayıb. Secki-2020.az saytı xəbər verir ki, təşkilatın
baş katibinin müavini Ömər Kocaman parlament seçkilərinin heç bir qanun
pozuntusu olmadan keçirildiyini bildirib. Ö.Kocaman deyib ki, seçki prosesi ərzində
12-si Bakıda, 12-si Mingəçevirdə olmaqla 24 məntəqədə müşahidə apardıq. O
deyib: “Namizədlər üçün əlverişli şəraitin yaradıldığını, məntəqələrdə seçki
standartlarına tam uyğun mühitin olduğunu deyə bilərik. Bununla yanaşı, siyasi partiyalar da çoxluq təşkil
edirdi. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə
seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər.
Nümayəndə heyətinin tərkibində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan müşahidəçilərin olduğunu bildirən baş katib əlavə edib ki, seçki məntəqələrində bizə hər cür məlumat verildi, müşahidələrimiz üçün zəruri olan ən xırda detallar belə nəzərə alınmışdı.
Sonda Ömər Kocaman seçkinin uğurla başa çatması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib: “Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirildiyini əminliklə deyə bilərik. Azərbaycan xalqı üçün xeyirli və uğurlu olsun”.