Rövzət Qasımov: "Seçki prosesi ümumilikdə rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib"

Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı ilkin mərhələdə dünəndən bütün proseslərə yekun vurub. MSK hazırda dairə seçki komissiyalarının protokollarını və digər lazımi sənədlərini qəbul etməyə başlayıb. Qanunvericiliyin tələbinə əsasən bütün bu sənədlər iki gün müddətində qəbul olunmalıdır və bundan sonra Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri ilə bağlı ilkin məlumatları açıqlayacaq. Secki-2020.az saytı xəbər verir ki, bunu fevralın 10-da jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.
R.Qasımov qeyd edib ki, MSK nəinki sosial şəbəkələrdə yayılmış, eyni zamanda, digər mənbələrdən daxil olan bütün məsələləri ətraflı şəkildə araşdıracaq və bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atılacaq. Hüquqi baxımdan baş vermiş bütün hallarla bağlı adekvat tədbirlər görüləcək. Mərkəzi Seçki Komissiyası hər zaman seçicilərin və namizədlərin tərəfində olan bir qurumdur. Bu dəfə də biz namizədlərin mövqeyinin müdafiə olunması üçün bütün məsələləri həmişə olduğu kimi kifayət qədər diqqətlə araşdıracağıq. O da istisna deyil ki, Mərkəzi Seçki Komissiyası baş verən hallarla bağlı araşdırma nəticəsində konkret olaraq ciddi qanun pozuntuları aşkarladığı halda kifayət qədər kəskin, ciddi addımlar atacaq. Sosial şəbəkələrə gəldikdə isə dünən gün ərzində paylaşılan videogörüntülər təhlil olunub və gün ərzində bununla bağlı araşdırmalar aparılıb. Bu məlumatlar araşdırıldıqdan sonra əgər həmin hallar baş veribsə və həmin halların baş verməsi hər hansı bir hüquqi problem yaradırsa ciddi, kəskin addımlar atılacaq.
R.Qasımov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar hələlik Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət daxil olmayıb. Rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək. Əgər 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub. Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Bütün namizədlər lazımi vasitələrdən təşviqat kampaniyasında istifadə ediblər. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq. Builki parlament seçkiləri həm namizədlərin qeydiyyatı, həm də namizədlərin ismarıclarını seçicilərinə çatdırmaları üçün mövcud olan imkanlar baxımından kifayət qədər zəngin seçkilər idi.